Bu gün Gənclər üçün Təhsil Mərkəzində Azərbaycanda təhsil alan bir qrup türk tələbə ilə Mərkəzin direktoru Vüsal Quliyev arasında görüş keçirilmişdir. Əsas məqsədi iki qardaş ölkənin tələbələri arasında əməkdaşlıq imkanlarını müzakirə etmək olan görüşdə bir sıra məsələlər müzakirə edilmiş və qərarlar qəbul edilmişdir. Belə ki, türk tələbələr ictimai işlərdə fəallıq göstərmək niyyətində olduqlarını, lakin bunun üçün imkanların az olduğunu qeyd etmişlər. V.Quliyev rəhbəri olduğu Mərkəzin, eləcə də digər müvafiq qurumların daima türk gənclərə və tələbələrə xüsusi diqqət ayırdığını, onlarla birgə işləmək marağında olduğunu, həmçinin bunun üçün zəruri imkanların mövcudluğunu bildirmişdir.
Bu gün Yaponiyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri tanışlıq və gələcək əməkdaşlıq üçün Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində oldular. Mərkəzin direktoru Vüsal Quliyev qonaqlara Mərkəz haqqında geniş təqdimat etdi və görülmüş işlər barədə məlumat verdi. O, 2008-ci ildə Göygöl rayonu Aşıqlı kənd orta məktəbinin yenidən bərpa edilməsində Mərkəzə verdiyi dəstəyə görə Səfirliyə bir daha təşəkkür etdi.
Gənclər üçün Təhsil Mərkəzi hər il Azərbaycanda yaşayan, işləyən və təhsil alan əcnəbilər üçün təmənnasız Azərbaycan dili kursları təşkil edir. Ötən ilin sentyabr ayından başlayaraq Mərkəz bu kursların daha da səmərəli təşkil olunması məqsədilə Azərbaycan dili Məktəbi yaratmışdır. Məktəbin yaradılmasında əsas məqsəd ölkəmizdə təhsil alan, yaşayan və çalışan əcnəbilərin ana dilimizdə sərbəst danışmasına kömək etmək, dilimizin zənginliyini onlara çatdırmaq və Azərbaycanın milli dəyərlərini aşılamaqdır. Artıq 5 aydan çox davam edən birinci Azərbaycan dili Məktəbini bu gün 30 nəfər əcnəbi başa vurdu.
Almaniya, Fransa, İsveç, Finlandiya və Polşada fəaliyyət göstərən bir sıra nüfuzlu ali məktəblər Azərbaycanlı tələbələrin həmin ölkələrdə təhsil alması üçün yeni imkanlar yaratmağa başlamışdır. Belə ki, həmin ali məktəblər Azərbaycanda yerli QHT olan Gənclər üçün Təhsil Mərkəzinə birgə proqramların təşkili üçün müraciət etmişdir. İlkin razılaşmalara əsasən Mərkəz növbəti tədris ili üçün ilk olaraq Almaniyada fəaliyyət göstərən Humanitar Elmlər üzrə Avropa Kolleci (ECLA) ilə birgə mübadilə proqramı təşkil edəcək. Mərkəz cari ilin aprel və may aylarında proqramlar bağlı informasiya sessiyaları təşkil edəcək və proqramda Azərbaycan tələbələrinin işirakına kömək edəcək.
Bu gün Gənclər üçün Təhsil Mərkəzinin rəhbərliyi və üzvləri Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar “Ana Harayı” abidəsini ziyarət etdi. Yüzlərlə gəncin iştirak etdiyi ziyarətin sonunda Gənclər üçün Təhsil Mərkəzi öz Bəyanatını səsləndirdi. Təəssüf hissi ilə qeyd edildi ki, kütləvi insan hüquqlarının pozulması ilə nəticələnmiş Xocalı faciəsinə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməmişdir. Gənclər ümid etdilər ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu haqlı tələblərimizi dəstəkləyəcək, Azərbaycan xalqına qarşı törədilmiş və insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunmuş bu dəhşətli cinayət özünun beynəlxalq hüquqi qiymətini alacaqdır.
Bu gün Gənclər üçün Təhsil Mərkəzinin ötən ilin sonunda elan etdiyi Bələdiyyələr gənclərin gözü ilə məqalə müsabiqəsinin nəticələrinin təqdimat mərasimi keçirilib. Lent.az-ın verdiyi məlumata görə, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev müsabiqənin Bələdiyyələrə dəstək, özümüzə kömək proqramı çərçivəsində elan edildiyini söyləyib. Əsas məqsəd gənclərin bələdiyyələrlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaq olub. Müsabiqəyə təqdim edilən 50-yə yaxın məqalə ümumilikdə bələdiyyə və gənclər əməkdaşlığı, bələdiyyələrin gənclərlə iş sahəsi üzrə dünya təcrübəsi, gənclər və bələdiyyə seçkiləri, Azərbaycan bələdiyyələri: problemlər və onların həlli yolları, vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu və Azərbaycanın qanunvericilik sistemində bələdiyyələrin yeri ilə bağlı mövzulara həsr olunub.
Gənclər üçün Təhsil Mərkəzi Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar olaraq fevral ayının 25-də Almaniyanın Kassel şəhərində Xocalı faciəsini tanıtım adlı mərasim təşkil edəcək. Mərasimin keçirilməsində əsas məqsəd Almaniyanın Kassel şəhərində təhsil alan tələbələrə, ziyalılara və yerli sakinlərə Xocalı faciəsi ilə əlaqədar həqiqətləri çatdırmaqdır. Mərasimdə Azərbaycanın Almaniyadakı Səfirliyinin nümayəndələri, Almaniya-Azərbaycan Forumunun başçısı Otto Hauzer, Cassel, Hötengem, Leyptsik, Marburg universitetlərinin müəllim və professor heyəti, Kassel Xristian Cəmiyyəti, Kassel Bələdiyyəsinin nümayəndələri, Hessen əyalətinin Sosial-Demokratlar Partiyasından olan millət vəkilləri, QHT-lər, KİV və tələbələr iştirak edəcəklər.
Məlumat üçün bildirmək istəyirik ki, Azərbaycanda xeyli sayda onlayn qruplar fəaliyyət göstərir. Hər bir qrup yaranarkən qarşısına konkret məqsədlər qoyur və özləri üçün spesifik mövzular müəyyən edirlər. Əsasən qeyri-hökumət təşkilatları tərəfindən yaradılan bu qrupların əksəriyyəti müzakirə və yenilik xarakteri daşıyır. Lakin bu qrupların fəaliyyəti uzun müddət davam edə bilmir və yenilənmədiyi üçün fəaliyyətini dayandırır. Gənclər üçün Təhsil Mərkəzinin yaratdığı və onun adı ilə birbaşa bağlı olan qrup isə Azərbaycanda ən böyük və davamlılığını qoruyan, onlayn məlumat və informasiya qrupudur. Hazırda qrupun 1500 üzvü var.
Bu gün Türkiyə Toplum Könüllüləri Vakfının dəvəti ilə Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini Günay Sadıxova və Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov Türkiyənin Sakarya şəhərinə səfərə yollandırlar. Əsas məqsədi Azərbaycan və Türkiyənin tələbə və gənclər təşkilatları arasında birgə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Vakfın Azərbaycan nümayəndəliyinin yaradılmasını müzakirə etmək, eləcə də Türkiyə Könüllülər Forumunda iştirak etmək olan səfər 4 gün davam edəcək. Səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti Vakfın İstanbulda yerləşən baş ofisi və digər böyük şəhərlərdə olan mərkəzləri və gənclər evləri ilə tanış olacaq, həmçinin Türkiyənin bütün bölgələrini təmsil edən gənclərin iştirak etdiyi Forumun işinə qatılacaqlar.
Gənclər üçün Təhsil Mərkəzi cari ilin əvvəlindən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək adlı layihənin icrasına start verib. Əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etmək olan layihə 10 regionda həyata keçirilir. Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edən layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutub. Belə ki, layihə çərçivəsində həmin gənclər üçün müxtəlif təlim proqramlarının və məsləhət xidmətinin təşkili nəzərdə tutulub. Layihə başladığı vaxtdan günə kimi nəzərdə tutulan fəaliyyətlərlə birbaşa olaraq 1400 region gəncini əhatə edə bilib.