
Bu gün Gənclər üçün Təhsil Mərkəzinin rəhbərliyi və üzvləri Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar “Ana Harayı” abidəsini ziyarət etdi.
Yüzlərlə gəncin iştirak etdiyi ziyarətin sonunda Gənclər üçün Təhsil Mərkəzi öz Bəyanatını səsləndirdi.
Təəssüf hissi ilə qeyd edildi ki, kütləvi insan hüquqlarının pozulması ilə nəticələnmiş Xocalı faciəsinə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməmişdir.
Gənclər ümid etdilər ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu haqlı tələblərimizi dəstəkləyəcək, Azərbaycan xalqına qarşı törədilmiş və insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunmuş bu dəhşətli cinayət özünun beynəlxalq hüquqi qiymətini alacaqdır.
Bəyanatın sonunda gənclər Xocalı faciəsini heç vaxt unutmayacaqlarını, ölkəmizin bu günü və gələcəyi, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, dövlətçiliyimizin möhkəmlənməsi naminə öz milli həmrəyliyini daha da yüksəldəcəklərini bildirdilər.
Qeyd edək ki, Bəyanat bütün beynəlxalq gənclər və təhsil təşkilatlarına, xarici universitetlərə və xarici ölkə səfirliklərinə göndərilmişdir.
