Gənclərin inkişafında BDU-nun rolu mövzusunda seminar keçirilib
 Bu gün Gənclər üçün Təhsil Mərkəzində Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş seminar keçirilmişdir. Gəncləri inkişafında BDU-nun rolu adlanan seminarın keçirilməsində əsas məqsəd Azərbaycan gəncliyinin formalaşmasında xüsusi rolu olan Bakı Dövlət Universiteti haqqında əcnəbi gənclərin dolğun məlumatlar almasına kömək etmək idi.
|
"Bələdiyyələr gənclərin gözü ilə" məqalə müsabiqəsi
 Gənclər üçün Təhsil Mərkəzi bu ilin oktyabr ayından başlayaraq həyata keçirdiyi Bələdiyyələrə dəstək, özümüzə kömək proqramı çərçivəsində Bələdiyyələr gənclərin gözü ilə məqalə müsabiqəsi elan edir. Məqalə müsabiqəsinin əsas məqsədi: Gənclərin bələdiyyələrlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır.
|
Gənclərin internet resurslarından səmərəli istifadəsi təbliğ olunur
 Gənclər üçün Təhsil Mərkəzi ötən aydan etibarən Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı Gənclər üçün İKT Məktəbi layihəsi çərçivəsində bir sıra fəaliyyətlərin əhatə dairəsini genişləndirmişdir. Belə ki, Bakı şəhərində yerləşən internat məktəblərində aparılan maarifçilik işlərinin həm də şəhərdaxili və şəhərətrafı qəsəbələrdə məskunlaşan qaçqın və məcburi köçkün məntəqələrində də davam etdirilməsinə başlanılmışdır. Əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərindəki gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərinin artırılması və zənginləşdirilməsi olan layihə çərçivəsində hədəf ərazilərdəki gənclər üçün internet resurslarından səmərəli istifadəyə həsr olunmuş praktik təlimlər keçirilir.
|
Region gəncləri ilə görüşlər keçirilir
 Məlumat verildiyi kimi bir neçə gün əvvəl Gənclər üçün Təhsil Mərkəzi Region gənclərinin inkişafına dəstək proqramının icrasına start vermişdir. Əsas məqsədi region gənclərinin vətəndaş cəmiyyətinin inkişafı prosesində aktiv rolunu təşviq etmək, onların sosial ehtiyaclarını öyrənmək və həllinə çalışmaq olan proqramın 2 il müddətinə icra edilməsi planlaşdırılıb. Bu məqsədlə dünən və bu gün Mərkəz Füzuli və Beyləqan gəncləri ilə görüş keçirmişdir. Görüşün keçirilməsində əsas məqsəd gənclərin mövcud problemlərini və ehtiyaclarını öyrənmək, onları yaradan səbəbləri aşkar etmək və qiymətləndirmək idi. Hər bir regionda 40 nəfər gəncin iştirakı ilə keçirilən görüşlər zamanı Gənclər üçün Təhsil Mərkəzinin həmin regionlarda yeni ofislərinin yaradılması və fəaliyyətinə dair məsələlər də müzakirə edilmişdir.
|
Texniki-peşə təhsilli insanlara tələbat artır
 Gənclər üçün Təhsil Mərkəzi bu ilin aprel ayından başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Texniki-peşə təhsilinin inkişafına dəstək layihəsini icra etməyə başlamışdır. Layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə ixtisas kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi və gənclərdə peşə təhsilinə həvəs oyatmağı nəzərdə tutur.
|
QHT Məktəbinin payız təlimləri başladı
 Ötən gün Gənclər üçün Təhsil Mərkəzinin QHT Məktəbi payız təlimləri silsiləsinə start verildi. 2002-ci ildən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən həyata keçirilən QHT Məktəbi təlimlərinin əsas məqsədi QHT nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir. Bu günədək 700-dən çox insanın iştirak etdiyi QHT Məktəbi təlimlərində iştirak etmək niyyətində olanlar xüsusi müraciətlər əsasında seçilir və təlimlərə qatılırlar. Qeyd edək ki, təcrübəli təlimçilər tərəfindən keçirilən QHT Məktəbinin payız təlimləri 2 ay davam edəcək.
|
Conversation Klub - ELAN
Əziz gənclər!
İngilis dilini daha mükəmməl öyrənmək və bu dildə ünsiyyət bacarığınızı artırmaq istəyirsinizsə, Gənclər üçün Təhsil Mərkəzində təşkil olunan Conversation klubda iştirak edin. Klub həftənin şənbə günləri, 1 saat olmaqla, müxtəlif mövzularda və formalarda təşkil ediləcək. Klubda iştirak etmək istəyənlər CV-lərini 03 noyabr 2009-cu il, saat 17:00-dan gec olmayaraq aşağıdakı elektron poçt ünvanına və ya ofis ünvanına göndərə bilərlər:
|
Avropa Birliyi ölkələrinin nümayəndələri ilə Mərkəzdə görüş keçirildi
 Bu gün Gənclər üçün Təhsil Mərkəzində Avropa Birliyinə üzv 15 ölkənin o cümlədən, Fransa, Portuqaliya, Avstriya, Belçika, Polşa və Türkiyənin Gənclər Fəaliyyətdə proqramı üzrə Milli agentliklərinin rəsmi nümayəndələri, eyni zamanda, Avropanın ən fəal gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirilmişdir. Əsas məqsədi Mərkəzin fəaliyyəti ilə tanış olmaq, eləcə də Mərkəzlə Avropa Birliyinə üzv ölkələrin gənclər təşkilatları ilə əməkdaşlıq olan tanışlıq görüşü Avropa Şurası, Gənclər və İdman Nazirliyi və Salto Youth Resurs Mərkəzi nin təşkilatçılığı ilə baş tutmuşdur.
|
Milli azlıqlardan olan gənclərin təşəbbüslərinə dəstək verilir
Gənclər üçün Təhsil Mərkəzi Avropa Şurasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi Fərqli olsaq da birlikdəyik layihəsinin ikinci mərhələsini icra etməyə başladı. Əsas məqsədi milli azlıqlardan olan gənclərin vətəndaş cəmiyyətinin inkişafı prosesində rolunu artırmaq və aktiv vətəndaşlıq dəyərlərinin aşılanması olan layihənin birinci mərhələsində Azərbaycanın müxtəlif regionlarından olan 25 nəfər milli azlıqlardan olan gəncə xüsusi təlimlər keçirilmişdir. Onlar təlimlər zamanı QHT idarəçiliyi, layihələrin yazılması və idarə edilməsi, liderlik qabiliyyətlərinin formalaşdırılması və s. mövzularda biliklərə yiyələnmişdirlər.
|
Region gənclərinin inkişafına dəstək proqramı başladı
 Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən Region gənclərinin inkişafına dəstək proqramının icrasına start verdi. Əsas məqsədi region gənclərinin vətəndaş cəmiyyətinin inkişafı prosesində aktiv rolunu təşviq etmək, onların sosial ehtiyaclarını öyrənmək və həllinə çalışmaq olan proqramın 2 il müddətinə icra edilməsi planlaşdırılıb. Proqram 2 mərhələ olmaqla, Azərbaycanın 24 rayonunu əhatə edəcək. Proqramın birinci mərhələsində 24 rayonun hər birində gənclər qrupları arasında görüşlər və qiymətləndirmə sorğuları keçiriləcək, onların ehtiyac və təklifləri öyrəniləcəkdir. İkinci mərhələdə isə öyrənilmiş ehtiyaclara əsasən layihə və tədbirlər həyata keçiriləcək.
|