20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Bu gün tariximizə qanlı səhifə kimi daxil olmuşdur. Artıq 1990-cı il 20 yanvar hadisələrindən 20 il keçir. Gənclər üçün Təhsil Mərkəzi də faciənin 20-ci ildönümü ilə əlaqədar olaraq internet aksiya keçirmək qərarına gəlmişdir. İnternet aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 20 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir. Bu məqsədlə Vətən qarşısında olan borcumuzu qismən də olsa yerinə yetirmək üçün hamınızı aksiyada aktiv iştiraka dəvət edirik. Aksiya 19-20 yanvar 2010-cu il tarixdə Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində keçiriləcək. Aksiya zamanı əvvəlcədən müəyyən ediləcək qrafikə uyğun olaraq gənclər növbəli olaraq internet vasitəsi ilə 20 Yanvar faciəsi ilə əlaqədar məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet səhifələrə, əcnəbi qəzet və jurnallara göndərəcəklər.
Bu gün Gənclər üçün Təhsil Mərkəzi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə yeni layihəsinin icrasına start verdi. Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək adlanan layihənin əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etməkdir. Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edəcək layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutur. Belə ki, layihə çərçivəsində həmin gənclər üçün müxtəlif təlim proqramlarının və məsləhət xidmətinin təşkili nəzərdə tutulur.
Gənclər üçün Təhsil Mərkəzi və İnternational Exchange Center Work and Travel USA proqramı gənclərin gözü ilə adlı video rolik müsabiqəsi elan edir. Müsabiqəsinin əsas məqsədi gənclərin Work and Travel USA proqramı haqqında məlumatlılığını artırmaq və onların bu proqramda iştirakını təşviq etməkdir.
Müsabiqəyə təqdim olunan video roliklər üçün əsas şərtlər: - 3 dəqiqədən artıq olmamalı; - Rolikdə istifadə olunan şəkillər və videolar aydın olmalı; - Rolikin əvvəlində adı, sonunda isə hazırlayan şəxsin adı və soyadı, təhsil aldığı ali məktəb və kurs göstərilməli.
Gənclər üçün Təhsil Mərkəzi bu gün “QHT Məktəbi” proqramının bu il üzrə fəaliyyətinə yekun vurmaq məqsədilə Milli QHT Forumunda təqdimat mərasimi keçirmişdir. Əsas məqsədi QHT fəlsəfəsini, konsepsiyasını, prinsiplərini təbliğ edən və QHT nümayəndələrinin bilik və bacarığını artırmaq istiqamətində fəaliyyətlər həyat keçirmək olan “QHT Məktəbi”nin təqdimat mərasimini giriş sözü ilə açan Mərkəzin təsisçisi Vüsal Quliyev Məktəbi haqqında geniş məlumat vermiş, uğur və nəailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, bildirmişdir ki, QHT Məktəbi artıq 7-ci ildir ki, fəaliyyət göstərir və bu günədək 750 nəfər bu Məktəbin məzunu ola bilib. O, eyni zamanda bildirib ki, Məktəb dörd istiqamətdə fəaliyyət həyata keçirir. Buraya QHT-lərin yaradılması və idarə olunması sahəsində təlimlərin təşkili, məsləhət xidmətlərinin keçirilməsi, təcrübə proqramlarının təşkili və informasiya kampaniyalarının keçirilməsi daxildir.
Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən ipoteka kreditlərinin verilməsinə həsr olunmuş seminarların keçirilməsinə başlayır. Əsas məqsədi ipoteka kreditlərinin verilməsi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş proseduralar haqqında ictimaiyyəti məlumatlandırmaq olan seminarların ilkin olaraq Bakı və Sumqayıt şəhərlərində keçirilməsi planlaşdırılıb. Əsasən gənclərin iştirakını nəzərdə tutan seminarlarda iştirakçılara ipoteka kreditinin verilməsi şərtləri, növləri, tətbiq olunan güzəştlər, tələb olunan sənədlər və s. haqqında dolğun informasiyalar veriləcəkdir.
Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başladığı Öyrən və təhlükəsiz ol ! adlı proqramına bu gün yekun vurulmuşdur. Əsas məqsədi regionlarda məktəblilərin yol hərəkəti qaydaları haqqında bilgilərini artırmaq və onların təhlükəsizliyinin təmin olunmasına kömək etmək olan proqram ölkəmizin 24 rayonunu əhatə etmişdir. Proqram çərçivəsində məktəblilər üçün dərsdən sonra yol hərəkəti qaydalarına həsr olunmuş praktik və nəzəri təlimlər keçirilmişdir. Təlimlər zamanı məktəblilərə yol hərəkəti nişanları, piyadanın və sürücünün vəzifələri, eləcə də onların məsuliyyəti və beynəlxalq təcrübə haqqında geniş informasiyalar verilmişdir.
Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə 6 rayonda müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlamışdır. Əsasən gənclər üçün nəzərdə tutulmuş tədbirlərin əsas məqsədi hər kəsin öz konstitusion hüquqları barədə məlumatlı olmasına və onun qorumasına kömək etməkdir. Biləsuvar, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Ağcəbədi rayonlarında gənclər üçün həyata keçiriləcək təlimlərlə yanaşı, Açıq qapı məsləhət saatları da təşkil ediləcək. Belə ki, hər bir regionda 1 gün olmaqla, müraciət edən şəxslərə hüquqi xidmətlər göstəriləcək.
Gənclər üçün Təhsil Mərkəzi Sizi British Council təşkilatının Mədəni Əlaqələr layihəsi çərçivəsində keçirilən sorğuda fəal iştirak etməyə dəvət edir. Sorğunun əsas məqsədi sizin İngiltərə və ölkəniz arasındakı mədəni əlaqələrə baxışlarınızı araşdırmaqdır: bu əlaqələr nə qədər möhkəm, nə qədər əhəmiyyətlidir və hansı yollarla bu əlaqələri daha da möhkəmləndirmək olar. Sorğu üç hissədən ibarətdir: 1-ci hissə: Məhz sizə aid olan suallardan ibarətdir ki, əsas məqsəd Sizin baxışlarınızı və işlədiyiniz təşkilatı öyrənməkdir; 2-ci hissə: Sizin işlədiyiniz sektorda Böyük Britaniya və ölkəniz arasındakı əlaqələrə münasibətinizi əks etdirir; 3-cü hissə: Böyük Britaniya və ölkəniz arasındakı münasibətlərin təbiəti haqqında daha geniş düşüncələrinizi əks etdirir.
Dünən Gənclər üçün Təhsil Mərkəzi Uşaq ili çərçivəsində gördüyü işlərə yekun vurmaq, eləcə də görülmüş işlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə konfrans keçirdi. Konfransda Gənclər üçün Təhsil Mərkəzinin həm Bakı şəhərində, həm də ölkəmizin rayon və kəndlərində uşaqlarla bağlı həyata keçirdiyi fəaliyyətlərə həsr olunmuş geniş təqdimatlar edildi. Qeyd edək ki, Mərkəz bu il ərzində uşaq məsələləri ilə bağlı 11 layihə həyata keçirmişdir ki, onlar əsasən uşaq hüquqlarının təbliğinə, onların dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkilinə, mədəniyyət təşəbbüslərinin inkişafına və sağlamlıqlarının təbliğinə həsr olunmuşdur.
Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə bir neçə rayonda gənclərin iştirakı ilə könüllü fəaliyyətlər həyata keçirməyə başlamışdır. Beyləqan və Füzuli rayonlarının kəndlərində bu gün və sabah keçiriləcək könüllü fəaliyyətlərin əsas məqsədi region gənclərində könüllülük işlərinə həvəs oyatmaq, onları bu tip fəaliyyətlərə stimullaşdırmaq və Beynəlxalq Könüllülər Gününü qeyd etməkdir.